Qarabağ Haqqında
Qarabağ məsələsi adıyla Azərbaycanın müstəqilliyinə Rusiya imperiyasının birbaşa iştirakı və qurmasıyla təcavüz edilir. Deyək ki, Moskva Yanvar qırğınını törətdi. Azərbaycan xalqı buna dözdü və Rusiya imperiyasına qarşı mübarizəsini davam etdirdi. Sonra Xocalı qırğınını törətdi, bu da Azərbaycan xalqının müqavimətini gücləndirdi, rus ordusunu Azərbaycandan uzaqlaşdırdı. Rusiya buna dözmədi, əvvəlcədən qızışdırdığı Ermənistanın əliylə Azərbaycanın quzeyinin 20 faizini işğal altına aldı; guya bunu Dağlıq Qarabağ erməniləri etdi. Sözsüz ki, Dağlıq Qarabağda yaşayan 100 min erməninin buna gücü çatmazdı (hətta arxasında duran Ermənistanla birgə də). Burada separatçılarla Ermənistan qüvvələri və Rusiyanın qüvvələri birləşdirildi, üçlükdə bu məsələni həll etdilər, xarici ölkələrdən də güclü dəstək aldılar (çox təəssüf ki, burada İranın da əli oldu).
***
Rusiya çox gözəl bilir ki, Azərbaycan tam
müstəqil dövlət olarsa bütün Qafqaz onun əlindən çıxar. Ermənistan da
fikirləşir ki, Azərbaycan müstəqil olsa vaxtilə bütün Sovetlər
Birliyində at oynadan ermənilərin heç Qafqazda da nüfuzu qalmayacaq.
İran da düşünür ki, Azərbaycan müstəqil olsa Güneyin də müstəqilliyi
uğrunda mübarizə aparılacaq ki, bu da İranın tale məsələsidir. Bax, buna
görə də onların hamısı bu məsələyə quduzcasına girişiblər və heç bir
şeylərini əsirgəmədən bu yolda qoyurlar.
***
Ümumən Qarabağ problemini 3 aya, 5 aya
həll etmək mümkün deyil, ona görə ki, Rusiya da burada öz mövqeyini
itirmək istəmir. Onun bu bölgədə hələ az-çox mövqeyi var və buna görə də
Ermənistanı özündən asılı saxlayacaq.
Biz bu durumla sülhə getsək Azərbaycançün
xeyirli olmayacaq, çünki Azərbaycanı məğlub ölkə kimi tanıyırlar. Amma
hər hansı bir xalq hələ məğlubiyyətini boynuna almayıbsa, demək, məğlub
deyil və mübarizəsini davam etdirməlidir. Bununçün ölkədə güclü ordu
islahatı getməli və ordu, döyüşən qüvvələr yaradılmalı və xalq öz
torpağının azad olunması uğrunda mübarizəyə hazır olmalıdır. Məhz bundan
sonra təzyiq edərək məsələləri siyasi yolla həll etmək müəyyən qədər
mümkün olacaq, belə olmasa mümkün deyil.
***
…Qarabağ problemi artıq tamam düyünlənib –
Rusiya bu məsələyə bir-iki düyün də artıq vurub. Onun açılma üsuluna
gəlincə, bir neçə siyasi gedişlər etmək olar. Məsələn, məncə, Qafqaz evi
yaratmaq uğrunda mübarizə aparmaq zəruridir; Gürcüstan da, Azərbaycan
da Rusiyanın onlara təzyiqindən xoşlanmır və ona müqaviməti gücləndirmək
istəyir. Bu iki dövlət əlbir olmalı, sıx iş birliyi yaratmalı, buraya
Çeçenistanı da cəlb etməlidir. Ümumiyyətlə, öz azadlığı uğrunda mübarizə
aparan bütün Qafqaz xalqlarının qüvvəsi Rusiyanın Qafqazdakı hərbi və
siyasi nüfuzunu zəiflətməyə, onu buradan uzaqlaşdırmağa səfərbər
edilməlidir. O uzaqlaşdırılandan sonra, əlbəttə, Ermənistan-İran bloku
da zəifləyəcək və zəncir başlayacaq açılmağa. Bundan sonra Ermənistanla
danışıqlar asanlaşacaq…
***
Biz hakimiyyətdə olduğumuz müddətdə
Ermənistanın qüvvələrini sıxışdırıb Azərbaycanın işğal olunmuş
rayonlarından çıxartdıq. Erməni qüvvələrini Goranboydan, Ağdərədən
çıxartmışdıq. Laçından artıq çıxarırdıq. Ermənilər özləri artıq etiraf
edirlər ki, hətta Xankəndinin köçürülməsi üçün Yerevanda plan
hazırlanırdı. Və o zaman erməni münaqişəsində Azərbaycan üçün ən yüksək
qələbə dövrü idi. Ter-Petrosyan mənə yalvarırdı ki, atəşkəs edək, gəl
danışaq. O vaxt mən dedim ki, səninlə danışmaq olmaz. Səninlə nə cür
danışacağıq?
Sonradan mənə xaricdən: Türkiyədən,
Almaniyadan, Rusiyadan xahiş etdilər ki, mümkün deyil, siz hökmən ikiniz
danışmalısınız. Qərar oldu ki, müharibəni dayandıraq və danışıqlara
gedək, sonra da qaçqınlar Kəlbəcərə qaytarılsın. Burada BMT-nin də
təsiri olmuşdu.
18 iyunda Kəlbəcərdən ermənilər çıxmalı
idilər. 14 iyunda mən Amerika səfirinə zəng etdim ki, məsələnin yerinə
yetirilməsi üçün nümayəndələr göndərilsin. Ağdamda artıq nümayəndəlik
yaradılmışdı ki, bu məsələ həll olunsun. Ermənilər Dağlıq Qarabağdan
Amerika səfirliyinə bildirmişdilər ki, biz bilmirik kimlə danışaq:
Elçibəylə, yoxsa S.Hüseynovla – Azərbaycanda ikihakimiyyətlik yaranıb;
nə vaxt təkhakimiyyətlik olacaqsa məsələni onda həll edərik. Rusiya da
bunu çox gözəl bilirdi. Və elə etdi ki, tamam qarışıq vəziyyət yaransın
və hakimiyyətimiz dağılsın. Buna da nail oldular.
***
Rusiyanın Qafqazdan əli-ayağı çəkilməyincə Qafqazda etnik-milli məsələlər həll olunmayacaq.
***
Sülh yolu qaçılmazdır. Bunun bir neçə
səbəbləri var. Birincisi, Azərbaycan xalqı bunu istəyir. İkincisi,
Ermənistan xalqı özü də sülh istəyir, bu mücadilədən, ağırlıqdan,
iqtisadi çətinlikdən yorulub. Üçüncüsü, dünya dövlətlərinin hamısı bunu
istəyir, ictimai təşkilatlar bunu istəyir – NATO da istəyir, BMT də
istəyir, ATƏT də istəyir, İslam Konfransı Təşkilatı da istəyir ki, sülh
olsun. Təkcə Rusiyadakı və Ermənistandakı hərbi qüvvələr bunu istəmir.
Ancaq onlar bunun qarşısını asanlıqla ala bilməzlər. Rusiyadakı və
Ermənistandakı hərbi dairələrdən başqa, müharibə istəyən hərbi dairələr
yoxdur. Bir də İranda belə qüvvələr var ki, Qafqazda vəziyyətin
kəskinləşməsində, Azərbaycanın pis vəziyyətə düşməsində maraqlıdırlar.
Bu 3 qüvvə çox haçalı qüvvədir. Bu 3
qüvvənin qarşısını dünya ictimaiyyəti, diplomatik qüvvələr, beynəlxalq
qüvvələr asanlıqla ala bilər.
***
R.Köçəryanla işləmək yeni adam olduğu
üçün müəyyən qədər vaxt aparacaq. Bu vaxtın uzadılmasında «nə müharibə,
nə sülh» devizi Rusiyaya əl verirdi ki, Qarabağ onun əlində olsun,
istədiyi vaxt bu Qarabağ problemini Ermənistanın, istədiyi vaxt da
Azərbaycanın başına vurub istədiyini etsin.
***
Qafqaz artıq bütövlükdə dünya
ictimaiyyətinin, dünya dövlətlərinin, böyük təşkilatların (ATƏT, BMT,
NATO) gündəliyinə gəlib. Yəni Avropada sakitlik yaranıb. İndi Kosovo
məsələsini də həll edəcəklər. Avropada elə bir gərgin ocaq yoxdur.[…]
İndi Şimali Qafqazda müəyyən hadisələr: abxaz-gürcü, osetin-gürcü
məsələsi, Ermənistan-Azərbaycan prblemi qalır. Bu məsələ gərgin ocaqdır.
Bu gərginliyi aradan götürmək üçün dünya dövlətləri buna meyl edəcək.
Amerika Xəzər dənizi hövzəsini öz milli maraq dairəsinə keçiribdir. Bu,
təkcə iqtisadi məsələ deyil, təkcə siyasi məsələ deyil, həm də hərbi
məsələdir. Amerika bu siyasətdə ardıcıl olacaq.
***
Söhbət Qarabağda ermənilərin yaratdıqları
və müstəqil daxili, xarici siyasəti, öz ordusu olan bir qurumun
Azərbaycan tərəfindən tanınması təhlükəsindən gedir. Biz (Elçibəy
iqtidarı – tərtib.) müharibəni bundan da əlverişli şərtlərlə başa
çatdıra bilərdik, ancaq milli xəyanət yolunu tutmadıq. […] Şübhə etmirəm
ki, Azərbaycan xalqı kimlərinsə vəzifə və hakimiyyət ehtirasları naminə
torpaqlarının qurban verilməsi ilə barışmayacaqdır.
No comments:
Post a Comment