Almaniya Bundestaqı Xocalı qırğını və Dağlıq Qarabağ münaqişəsinə dair yeni sənəd qəbul etmişdir,
Almaniya Bundestaqınınn Petisiya daimi komitəsi Xocalı qətliamı ilə
bağlı sənəd qəbul etmişdir. Sənəd Xocalı qətliamının 20 illiyi
ərəfəsində Almaniya-Azərbaycan münasibətlərinin təşviqi cəmiyyəti
tərəfindən Almaniya Bundestaqına təqdim edilmiş petisiya əsasında qəbul
edilmişdir.
Sənəddə bildirilir ki, “Erməni silahlı qüvvələrinin 26 fevral 1992-ci il
tarixində Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi bu qanlı
hadisə, 600-dən çox insanın həyatını itirməsi ilə nəticələnən qırğın
(massacre) fakt olaraq tanınmalıdır. Erməni xalqına qarşı soyqırımın baş
verməsini iddia edən Ermənistan Azərbaycan xalqının bu məsələsini
anlamalıdır. Davamlı barışığa nail olunması prosesi yalnız tarixi
həqiqətlərin əsasında baş verə bilər.”
Petisiyada Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun həll
olunması məsələsi də öz əksini tapmışdır. Sənəddə “ilk növbədə
Ermənistanın Dağlıq Qarabağ ətrafında yerləşən və əvvəllər
Azərbaycanlıların yaşadığı 5 rayonun işğalını dayandırması və
qaçqınların öz evlərinə qayıtmasına şərait yaratmasının vacibliyi” qeyd
olunur.
Bundestaq bəyan edir ki, “Münaqişənin həlli üçün birinci addım ondan
ibarət olmalıdır ki, beynəlxalq hüququn tətbiqi birmənalı şəkildə tələb
edilməli və qaçqınlar problemi deportasiya olunmuşların evlərinə
qayıtması hüququna müvafiq olaraq həll edilməlidir.”
Sənəddə həmçinin bildirilir ki, Almaniya Bundestaqı Dağlıq Qarabağ
ətrafında problemin həlli üçün yeni səylərin göstərilməsinə öz töhfəsini
verməlidir.
Almaniya Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla, parlament
araşdırmasının nəticəsi sənəddə aşağıdakı kimi öz əksini tapmışdır:
“Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusilə ilk növbədə Dağlıq
Qarabağ ətrafında yerləşən 5 Azərbaycan rayonunun işğalına son qoyulması
və qaçqınların evlərinə qayıtması” Almaniya tərəfinin mövqeyi kimi
qeyd olunur.
Sənəddə Almaniya Bundestaqının hələ “14 may 2009-cu il tarixli
sessiyasında qəbul edilmiş “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və
demokratiyanın təşviqi” adlı qətnamənin hələ də hüquqi qüvvədə qalması”
vurğulanır. “Münaqişənin bütün tərəflərinin BMT-nin Dağlıq Qarabağ
münaqişəsinə dair qəbul etdiyi qətnamələri, eləcə də Avropa Şurası və
ATƏT-in müvafiq qərar və qətnamələrini yerinə yetirməsi” üçün xüsusilə
fəaliyyət göstərilmələri tələb olunur.
Sözügedən qətnamədə öz əksini tapmış Dağlıq Qarabağ münaqişəsinin hələ
də öz həllini tapmaması ilə bağlı narahatlıq yeni qəbul olunmuş sənəddə
də vurğulanır. Sənədə görə, “həll olunmamış regional münaqişələr
istənilən vaxt gərginliyin artırılması üçün istifadə oluna və ekstremal
vəziyyətdə silahlı qarşıdurmalara gətirib çıxara bilər.”
“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həyata keçirilən diplomatik
səylər və mühüm siyasətçilərin, xüsusilə də Minsk qrupu çərçivəsində,
eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin çoxsaylı görüşləri
hələ ki, ümid edilən irəliləyişə gətirib çıxarmamışdır. Bununla da
regionda hələ də qəfil müharibə təhlükəsi mövcuddur.”
Bu istiqamətdə görülən bütün səylərə və demarşlara dəstək vermək üçün
Petisiya komitəsi Petisiyanı Almaniya hökumətinə - Xarici İşlər
Nazirliyinə - material kimi göndərməyi tövsiyə edir.
No comments:
Post a Comment