Çingiz Mustafayev
Mustafayev Çingiz Fuad oğlu — Azərbaycanın Milli Qəhrəmanı; tanınmış jurnalist; Qarabağ müharibəsi şəhidi.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin
Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi
ilə Bakı şəhərinə köçmüşdür. 1977-ci ildə Yasamal rayonunda 167 saylı
məktəbi bitirmişdir. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan
Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir.
Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim
işləyir.
1985-ci
ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan
gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan
yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü
idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz
Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.
Çingiz həkim olsa da jurnalistikaya böyük həvəsi vardı.1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi.
Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə almışdır. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağladı.
Döyüşlərdə iştirakı

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra
Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət
Televiziyasında
reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında
fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya
blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və
Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət
televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz
Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də
Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun
yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir
qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar
məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci
ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən
bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi
reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər
barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış
olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz
Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi
sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi
yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox
vəzifəni öz üzərinə götürürdü. Laçından
çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa
göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin
emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi
cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun
Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan
Çingiz sonadək kameranı söndürmədi.
Ailəsi
Evli idi, bir övladı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci
il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən
sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
DİN-nin Şüvalandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS-ÇM
radiostansiyası, Azərbaycan gəmilərindən biri qəhrəmanımızın adını
daşıyır.
Yaşadığı binanın önündə barelyefi vurulub.
C.Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub.
2011-ci ilin avqustunda Almaniyada 3 min nüsxə ilə onun təsviri olan poçt markası buraxılıb.
- Operator Vahid Naxışın qardaşıdır.
- Ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır.
- Fuad Mustafayevin oğludur.
- Naxış Mustafayevanın oğludur.
- Oğlunun adı Fuad Mustafayevdir.
No comments:
Post a Comment